Göygöldə “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklərimiz” mövzusu müzakirə olunub
03 noyabr 2021, 07:25

Noyabrın 3-də Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Göygöl rayon Peşə təhsil məktəbində “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklərimiz” mövzusunda seminar-treninq təşkil olunub.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Babək Rəsulov, rayon Peşə təhsili məktəbinin direktor müavini Kənan Tahirov, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlarda bildirilib ki, insan hüquqlarına hörmət ailələrin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var. Vurğulanıb ki, uşaq hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Bu, Azərbaycan Respublikası Ailə Məcəlləsində də öz əksini tapıb. O da qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyasında göstərilir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etrmək ailənin borcudur və bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.