“Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda növbəti seminar 20-21 oktyabr tarixlərində Göygöl rayonunda keçirilib.
Dini radikalizm, cəhalət və xurafata qarşı mübarizədə ən effektiv vasitə olan maarifləndirmə prosesində, eyni zamanda xalqımıza məxsus milli-mənəvi dəyərlərin təbliğində qadınların rolunun əhəmiyyətindən bəhs olunan seminarda fəal qadınlar, təhsil işçiləri, psixoloqlar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova tədbiri giriş sözü ilə açaraq dini radikalizmə, xurafata qarşı mübarizədə, ailə idarəçiliyində, uşaqların təlim-tərbiyəsində qadınların mühüm rol oynadığını bildirib. Müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Ona görə də Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır.
Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova təhsilli qadının mütərəqqi cəmiyyətin formalaşmasında əvəzolunmaz rolunu vurğulayıb, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində üzərlərinə düşən vəzifələri qeyd edib. Qadınlarımızın cəmiyyətin dini savadlılığının artırılması, maarifləndirilməsi işində də aktiv olmalarının vacibliyinə toxunan E.Kərimova ölkəmizin tolerant və multikultural mühitinə yönəlmiş təhdidlərdən bəhs edib, cəmiyyətin hər fərdini, eləcə də qadınlarımızı bunlarla hərtərəfli mübarizə aparmağa çağırıb.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva bildirib ki, seminarın keçirilməsində məqsəd dini maarifçilik işinin həyata keçirilməsində, dini radikalizm və xurafatla mübarizədə qadınların fəal iştirakına dəstək vermək və bu sahədə onları məlumatlandırmaqdır. “Sosial mediada dinin təbliği” mövzusunda təqdimatla çıxış edən Y.Əliyeva dini radikalizmin ən geniş yayılmış təbliğat platformasının sosial şəbəkələr olduğunu bildirib. Vurğulayıb ki, dini radikal qruplar bütün vasitələrdən istifadə edərək öz zərərli fikirlərini yaymağa, cəmiyyətdə insanlar arasında dini və məzhəb ayrı-seçkiliyi yaratmağa cəhd edirlər. Şöbə müdiri deyib ki, bu risklərdən qorunmaq üçün məktəblilərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə ciddi nəzarət edilməlidir.
DQİDK əməkdaşı Aysel Abdullayeva isə çıxışında xurafatla mübarizədə qadınların rolu və dini xurafatın yaratdığı problemlərə toxunub.
Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Erkən nikah sosial bəladır” adlı videoçarxın nümayiş edildiyi ikigünlük seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap olunmuş ədəbiyyatlar iştirakçılara təqdim olunub.