Dekabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri bir araya gələrək Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə "Vəhdət" namazı qılıblar. Göyçay şəhər Əbülfəzlil Abbas məscidində qılınan "Vəhdət" namazında ölkəmizin və həmvətənlərimizin rifahı üçün dualar edilib.
Bölgə din xadimləri ilə keçirilən görüşdə Azərbaycanda müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan vətəndaşların harmoniya və qarşılıqlı hörmət şəraitində birgəyaşayışının unikal nümunə olduğu vurğulanıb.
Bildirilib ki, Azərbaycan sülhsevər dövlətdir və multikulturalizm ölkədəki bütün xalqların çoxəsrlik milli-mənəvi dəyərlərinə, ümumbəşəri, humanist dəyərlərə söykənən ölkəmizin sabit və ardıcıl siyasi kursudur. Xüsusilə qeyd etmək zəruridir ki, Azərbaycanda multikulturalizm siyasətinin uğurlu olmasının təməl səbəblərindən biri bu ənənənin xalqın tarixi yaddaşında olmasından qaynaqlanır.