Avqustun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsi və Göyçay rayonu Qarabaqqal kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Qarabaqqal kənd “Cümə” məscidində “Sülh aylığı” çərçivəsində “Sülh dili: qarşılıqlı hörmət və anlayış” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin müdir müavini Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Rəsu Kazımov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs edilərək bildirilib ki, Azərbaycan xalqı tarixən sülhsevər xalq kimi tanınıb. Sülh yalnız müharibənin başa çatması deyil, insanların özlərini təhlükəsiz və ləyaqətli hiss etdiyi gələcəyin qurulmasıdır. Sülh mədəniyyət, əxlaq və həyat tərzi olmaqla yanaşı, cəmiyyətin ümumi düşüncə və davranışına çevrildikdə davamlı xarakter qazanır. O qeyd olunub ki, sülh dövlətlərin siyasi iradəsi ilə başlasa da, cəmiyyətlərin ümumi düşüncə və davranışına çevrildikdə davamlı xarakter alır.
Tədbir qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam etdirilib.