Fevralın 28-də Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsi, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəliyi və şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Mənəvi birlik – Ramazan ayı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Göyçay regional bölməsinin əməkdaşı Əzim Rəfiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Qaraş İsmayılov, QMİ-nin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndələri Cavid Səfərov, Rəsul Kazımov, icma sədrləri və din xadimləri iştirak ediblər.
Öncə Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Çıxışlarda QMİ-nin Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, din xadimləri, dini icma sədrləri Ramazan ayında milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində daha fəal olmalıdırlar.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.