Göyçayda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
01 may 2023, 08:37

Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH), eləcə də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazılığının birgə təşkilatçılığı ilə şəhər “Mərkəz” məscidində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, QMİ-nin bölgə qazısı Fizuli Cəfərov, səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, Göyçay, Kürdəmir, Ucar, Zərdab rayonlarında fəaliyyət göstərən din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin milli-mənəvi və dini dəyərlərimizin qorunması istiqamətində misilsiz xidmətlərindən danışılıb. Ulu Öndər Heydər Əliyevin bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durduğu diqqətə çatdırılıb. Milli-mənəvi, dini dəyərlərimizə qayıdış və dəyərlərin təbliğində Ümummilli Lider Heydər Əliyevin rolundan, tolerant və multikultural ənənələrə verdiyi önəmdən bəhs edilib.            

Tədbirdən sonra dini icma sədrləri və din xadimləri Göyçay şəhər Mərkəzi Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunmuş qanvermə aksiyasında iştirak ediblər.