Avqustun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəliyi və Göyay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Ekstremizmin qarşısının alınmasında din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Cavid Səfərov və Rəsul Kazımov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxış edənlər dini radikalizmlə mübarizədə din xadimlərinin üzərinə düşən məsuliyyətdən, maarifləndirmə işinin əhəmiyyətindən və gənclərin düzgün dini məlumatlandırılmasına xüsusi önəm verilməsinin zəruriliyindən danışıblar. Gənclər arasında dini biliklərin düzgün şəkildə formalaşdırılması və qeyri-ənənəvi dini cərəyanlara qarşı birgə mübarizənin aparılması məsələləri xüsusi olaraq diqqətə çatdırılıb. Eyni zamanda, dini ekstremizmlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də ailələrin və təhsil müəssisələrinin fəal iştirakı mühüm amil kimi vurğulanıb.