Noyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayon Polis şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Dini radikalizm və zərərli vərdişlərlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə Göyçay RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinin rəisi Qiyas Behbudov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Nicat İsmayılov, Rauf Nəsirov, təşkilatçı qurumların əməkdaşları və kollecin tələbələri iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmin yaranma səbəblərindən, onun yaratdığı fəsadlardan, ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizədən geniş bəhs olunub. Gənclərin narkomaniya, dini radikalizm və digər bu kimi zərərli meyillərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr barədə danışılıb. Narkomaniya, eləcə də dini radikalizmə qarşı mübarizənin aparılmasının vacibliyi qeyd olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.