Mayın 27- də Göyçay şəhər M. Muradov adına 4 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Göyçay rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Samir Xəlilov, Polis Şöbəsinin rəisi Müqalib Abdıyev, Rayon Polis Veteranlar Şurasının sədri Heydər Quliyev, Təhsil Şöbəsinin müdiri Rahib Burcəliyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxışlar zamanı narkomaniya, dini radikalizm, erkən nikahın fəsadları barədə geniş məlumat verilib. Bu kimi problemlərin cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıtdığı qeyd edilib. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsində məqsəd məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən, dini radikalizmdən uzaqlaşdırılması narkomaniya ilə mübarizə, eyni zamanda bu sahədə mövcud çətinliklərin aşkar edilməsi və aradan qaldırılmasıdır.
Tədbirin sonunda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
***
Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Məlikli kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” adlı maarifləndirici tədbir keçirilib.
Zərdab rayonu Məlikli kənd məscidində keçirilən tədbirdə DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Məlikli kənd məscidi dini icmasının sədri Ruhid Quliyev, dini icma üzvləri və dindarlar iştirak ediblər.
Eyni gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayonu Boyat kənd "İmam Hüseyn" məscidi dini icmasının birgə təşkilatçılığı ilə keçirilən “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” adlı maarifləndirici tədbirdə isə
DQİDK-nin bölgə üzrə əməkdaşı Rauf Nəsirov, Boyat kənd "İmam Hüseyn" məscidi dini icmasının sədri Ramiz İsrafilov, dini icma üzvləri və dindarlar iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan xalqı özünün milli-mənəvi irsinə, onu bütövləşdirən və zənginləşdirən milli komponentlərə - dil, din, adət-ənənə, eyni zamanda birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərə söykənərək bəşəriyyətin mürəkkəb, ziddiyyətli, ictimai və siyasi sınaqlarından məharətlə çıxa bilmiş, dünya xalqları arasında öz varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarmışdır. Mənəvi aləmimizi zənginləşdirən, birliyimizi təmin edən, tarixi və mədəni irsimizi ucaldan milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu dəyərləri yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişini, onun varlığını qorumaq deməkdir.
Daha sonra tədbirlərin mövzusu ilə bağlı diskussiya təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
***
Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir şəhər (1) məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Fizuli Cəfərov, Kürdəmir şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyev, din xadimləri, dini icma sədrləri və dindarlar iştirak ediblər.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri barədə danışılıb. Formalaşmaqda olan yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunmasının vacibliyinə diqqət çəkilib. İnsanların dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal cərəyanların təsirindən qorunması üçün bu cür maarifləndirici tədbirlərə ehtiyac olduğu vurğulanıb.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.