Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi, Goranboy Rayon İcra Hakimiyyəti (RİH), Goranboy-Naftalan rayonları üzrə Təhsil sektoru və Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin məsləhətçisi Vüsal Hüseynli, Goranboy RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rüstəm Məmmədov, Gənclər və İdman sektorunun baş məsləhətçisi Ruslan Baxşəliyev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətləri vurğulanıb. Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.