Fevralın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Goranboy rayonu Safıkürd kənd Mədəniyyət evində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və milli dəyərlərə təhdid kimi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) Səfikürd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elvin Həsənəliyev, Goranboy rayonu Səfikürd-Tatarlı kənd məscidi dini icmasının sədri Elnur Cəfərov, eləcə də mədəniyyət və təhsil işçiləri, kənd ziyalıları iştirak ediblər.
Çıxışlarda radikalizm təhlükəsindən geniş bəhs edilərək, bu istiqamətdə icra edilən maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Dinin siyasi sferada istifadə olunması kimi çirkin halların İslamın təməl pirinsiplərinə zidd olması, eyni zamanda, bu kimi hallarla mübarizədə mənəvi dəyərlərin rolu qeyd edilib.
Mövzu ətrafında geniş müzakirələr aparılaraq, sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.