Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Goranboy rayonu Səfikürd kənd məscidində “Radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Goranboy Rayon İcra Hakimiyyətinin Səfikürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Həsənəliyev, Tatarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fətullah Əzizov, Səfikürd-Tatarlı kənd məscidi dini icmasının sədri Elnur Cəfərov, eləcə də, dini icma üzvləri, şəhid ailələri və ziyalılar iştirak ediblər.
Çıxışlarda radikalizm təhlükəsindən geniş bəhs edilərək, bu istiqamətdə icra edilən maarifləndirmə tədbirlərinin vacibliyi vurğulanıb. Dinin siyasətdə istifadə olunması kimi çirkin halların İslamın təməl pirinsiplərinə zidd olması, eyni zamanda, bu kimi hallarla mübarizədə mənəvi dəyərlərin rolu qeyd edilib.
Mövzu ətrafında geniş müzakirələr aparılaraq, sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.