Goranboyda “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib
16 may 2023, 08:16

Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Gəncə bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Goranboy rayonu Heydər Əliyev Mərkəzində “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, eləcə də, rəsmi din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, yaratdığı təhlükələr haqqında geniş məlumat verilib. Yad dini-ideoloji qüvvələr tərəfindən cəmiyyət daxilində dini fanatizm, radikalizm zəmnində düşmənçilik toxumunun səpilməsinin qarşısının alınmasında, milli birliyə və dini təhlükəsizliyə yönələn məqsədli fəaliyyətə qarşı mübarizədə effektiv dini maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyi vurğulanıb.

Tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.