Sentyabrın 29-da Ucar şəhər 6 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar rayonu İcra Hakimiyyəti (RİH) və rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Gənclər arasında dini radikalizm və onun təzahür formaları" mövzusunda maarifləndirici tədbir keçirilib .
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RİH Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, rayon PŞ-nin rəis müavini Elnur Məmmədov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Çıxışlarda din radikalizmin təzahür formalarından bəhs edilib. Bildirilib ki, müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bir çox bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri dağıdılır.
Diqqətə çatdırılıb ki, respublikamızda ictimai-siyasi və dini vəziyyət sabitdir. Ölkəmizdə dini radikalizmə qarşı inzibati, ideoloji və hüquqi mübarizə aparılır.