Gəncədə “Yeniyetmə və gəncləri dini radikalizm təhlükəsindən qoruyaq” mövzusu müzakirə olunub
22 may 2024, 02:35

Mayın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Texnologiya Universitetində “Yeniyetmə və gəncləri dini radikalizm təhlükəsindən qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavini Elmar Fətəliyev, ATU-nun prorektoru Şahmar Həsənov, müəllim və tələbələr iştirak ediblər.

Çıxışlarda dini radikalizmin fəsadları barədə fikirlər səsləndirilib, belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Həmçinin tələbələrin milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşması, zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi qeyd edilib.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.