Aprelin 27-də Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, YAP Gəncə şəhər təşkilatının, Azərbaycan və Gəncə Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş regional konfrans keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini vurğulayaraq, dünyanın müxtəlif ölkələrində Ümummilli Liderə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət Ulu Öndər Heydər Əliyevin xalqımızın qəlbində var olacağını, daim hörmətlə anılacağını bildirən Niyazi Bayramov Ümummilli Liderimizin uzaqgörən siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov çıxış edərək milli-mənəvi, dini dəyərlərimizə qayıdış və dəyərlərin təbliğində Ümummilli Lider Heydər Əliyevin rolundan, tolerant və multikultural ənənələrə verdiyi önəmdən bəhs edib.
Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov Azərbaycanın hər qarış torpağını dərindən sevən Ulu Öndər Heydər Əliyevin qədim Gəncə şəhərinə göstərdiyi diqqət və qayğıdan danışıb.
YAP Gəncə şəhər təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri Cavid Bağırzadə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli ideologiyanın formalaşması”, ADAU-nun dosenti Ceyhun Hüseynov “Heydər Əliyev Azərbaycançılıq fəlsəfəsində milli birliklə dövlətçiliyin dialektikası” adlı məruzələrlə çıxış ediblər.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap olunmuş kitablar tədbir iştirakçılarına təqdim olunub.