Gəncədə “Şəxsi heyətin vətənpərvərlik ruhunun və mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi” mövzusunda tədbir keçirilib
29 avqust 2024, 04:02

Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Gəncə şəhər N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Şəxsi heyətin vətənpərvərlik ruhunun və mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri vəzifəsini icra edən Həsən Məmmədov, Gəncə şəhər “Şahsevənlər” məhəllə məscidinin imamı Murad Əliyev və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

Çıxışlar zamanı vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılması olub.

Çıxışlarda mövzuların aktuallığından bəhs olunub. Bu cür maarifləndirmə tədbirlərinin hərbi hissələrdə keçirilməsinin əhəmiyyəti vurğulanıb. İslam dinində Vətəni qorumağın müqəddəs hesab olunduğu diqqətə çatdırılıb. Cəmiyyətdə, xüsusən də gənclər və yeniyetmələrə Vətən sevgisinin aşılanmasının zəruri olduğu vurğulanıb, torpaqlarımız uğrunda şəhid olan qəhrəmanlarımızın həyatından nümunələr gətirilib.

Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.