Aprel ayının 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Texnologiya Universitetində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQDİK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, eləcə də şöbənin əməkdaşları, Universitetin Tədris ve sənaye üzrə müşaviri Aqil Eyvazov, Tədris şöbəsinin müdiri Babək Həsənov, tələbə və müəllim heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. O bildirib ki, gənclərin radikal və ekstremist cərəyanların təsirinə düşməməsi üçün maarifləndirici tədbirlərin keçirilməsi mütləqdir. H.Məmmədov dünyanın bir çox ölkələrində dini, siyasi qarşıdurmaların və iğtişaşların hökm sürdüyü bir zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerant, multikultural və həmrəylik dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması, dindarların öz dini etiqadlarını azad şəkildə gerçəkləşdirməsi, dini qurumların fəaliyyətində problemlərin olmamasını, qədim məscid və digər ibadət evlərinin əsaslı bərpa edilərək, yenilərinin inşasını, din xadimlərinə diqqət və qayğının göstərilməsini Azərbaycanın artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrildiyinin göstəricisi kimi səciyyələndirib.
Daha sonra çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev qeyd edib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri dinlər haqqında məlumatsızlıq və dini bilgilərin zəif olmasıdır.
Sonra tədbir iştirakçılarına DQİDK-nın sifarişi ilə çəkilmiş “Vəhdət qanımızdadır” filmi nümayiş etdirilib.