Gəncə şəhərində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans iyulun 25-də öz işinə başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) rəhbərliyi, Milli Məclisin deputatı, Daxili İşlər Nazirliyinin nümayəndəsi, idarə və təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Gəncə ŞİH-nin başçısı Niyazi Bayramov vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin böyük dövlət idarəçiliyi təcrübəsi, yüksək bacarığı, uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərinin düzgün qurulması üçün zəruri addımlar atılıb. N.Bayramovun sözlərinə görə, Ulu Öndərin bu sahədə həyata keçirdiyi siyasəti cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirməkdədir.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Sahib Nağıyev bildirib ki, bəzən din altında ölkə əleyhinə, dövlətçiliyə qarşı təxribat xarakterli işlər görənlər olur. Dini siyasiləşdirərək təsir mexanizminə çevirirlər. S. Nağıyevin sözlərinə görə, bu cür təxribatlara əl atanlar vaxtında dəqiqləşdirilir və onların barəsində müvafiq tədbirlər görülür.
Diqqətə çatdırılıb ki, Dövlət Komitəsi ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, müxtəlif dinlərə və məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinin daha da gücləndirilməsi, həmçinin dinin siyasiləşdirilməsi, radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda silsilə maarifləndirici tədbirlər təşkil edir. Qeyd olunub ki, bu işdə müvafiq qurumlar, yerli icra hakimiyyəti orqanları ilə də yaxından əməkdaşlıq edilir.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdiyini bildirib. Millət vəkili Ulu Öndərin bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldığını, eləcə də dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdiyini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Tahir Abbasov çıxış ediblər. Çıxışlarda ölkədə dini mühitdə gedən proseslər, çağırışlar, təhdidlər və Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar barədə danışılıb.
Tədbir çərçivəsində kitab sərgisi keçirilib və sənədli film nümayiş olunub.
Qeyd edək ki, konfrans işini 26-27 iyul tarixlərində davam etdirəcəkdir.