Gəncədə maarifləndimə tədbiri keçirilib
30 noyabr 2022, 08:51

Noyabrın 30-da Gəncə Şəhər İcra Hakimiyyəti (ŞİH), Gəncə şəhər Ağsaqqallar Şurası və Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə  İcra Hakimiyyətinin inzibati binasında “Dini radikalizm və ekstremizmə qarşı mübarizə hər bir vətəndaşın borcudur” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov, Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə ŞİH başçısı Aparatının nümayəndəsi Yadigar Bədəlov, hüquq-mühafizə orqanlarının əməkdaşları, universitet tələbələri və gənclər iştirak ediblər.

Çıxışlarda insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan yad ideologiyaların yayılması və təbliği, müxtəlif psixoloji üsullardan istifadə edilməklə  gənclərin dini cərəyanların təsiri altına salınması halları əleyhinə görülən işlərdən danışılıb. Ölkəmizdə dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işlərinin aparıldığı, gənclərin radikal dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlər görüldüyü diqqətə çatdırılıb.

Sonda  DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.