Gəncədə “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur" adlı tədbir keçirilib
27 may 2022, 03:22

Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Ombudsman Aparatının Gəncə regional mərkəzinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasında (YAP) insan hüquqları aylığı çərçivəsində “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur " adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Ombudsman Aparatının Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə insan hüquqları və azadlıqlarının indiki dövrdə aktual olduğu xüsusilə vurğulanıb. Qeyd edilib ki, insan haqlarının əsas mahiyyəti bütün insanların eyni hüquq və azadlıqlara malik olmasından ibarətdir. İnsan hüquqlarının 18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının, həmçinin 1995-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın başlıca qayəsini təşkil etdiyi iştirakçıların nəzərinə çatdırılıb.

 Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.