Gəncədə “İlham Əliyev: Dövlətçiliyin, milli maraqların və təhlükəsizliyin qarantıdır” mövzusunda tədbir keçirilib
25 dekabr 2024, 01:19

Dekabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Gəncə şəhər “İmamzadə Ziyarətgah” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “İlham Əliyev: Dövlətçiliyin, milli maraqların və təhlükəsizliyin qarantıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Gəncə-Daşkəsən regional bölməsinin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, dini konfessiya nümayəndələri, din xadimləri, dini icma sədrləri, eləcə də şəhid ailələrinin üzvləri iştirak ediblər.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbədən və antiterror tədbirləri zamanı Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən danışılıb, bu qələbənin tarixə qızıl hərflərlə yazıldığı bildirilib. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin milli təhlükəsizliyin təmin edilməsinə tam zəmin yaradılıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Dəmir Yumruq” sənədli filmi nümayiş olunub.