Gəncədə “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusu müzakirə olunub
22 fevral 2022, 07:44

Fevralın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə  YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxış edən natiqlər Azərbaycanın dünyəvi dövlət olması, dövlətin dinə qayğısı, tolerantlıq siyasəti, dini radikalizmə qarşı mübarizədə müasir gənclərin rolu barədə danışıblar. Bu sahədə gənclərin maarifləndirilməsinin milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib. Natiqlər gənclərin yad dini ideologiyaların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini xüsusu ilə vurğulayıblar.

Sonda iştirakçıların sualları cavablandırılıb və DQİDK tərəfindən nəşr edilən müvafiq ədəbiyyat nümunələri gənclərə hədiyyə edilib.