Gəncədə dini radikalizm mövzusu müzakirə edilib
22 iyun 2022, 08:49

İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Gənclər evinin rəhbəri Amil Qurbanov, QHT nümayəndələri və fəal gənclər iştirak ediblər.

Natiqlər dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıblar. Bildirilib ki, Azərbaycanda dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır.

Eyni zamanda gənclərin radikal dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması və dini radikalizmin fəsadları ilə bağlı da fikir mübadiləsi aparılıb.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.