Sentyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər Regional Mədəniyyət İdarəsində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Regional Mədəniyyət İdarəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycanda mövcud olan tolerantlıq və multikultural mühit bu gün dünyanın bir çox ölkəsi üçün nümunədir. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar. Çıxışlarda, həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olmasından, yaratdığı təhlükələrdən bəhs edilib.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə ərsəyə gətirilən radikalimlə mübarizəyə həsr olunmuş "Şəhadət" filmi nümayiş etdirilib.