Gəncədə dini konfessiyaların nümayəndələrinin iştirakı ilə Anım Günü ilə əlaqədar tədbir keçirilib
25 sentyabr 2026, 15:32

Sentyabrın 23-də Gəncə şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Zəfərin güc mənbəyi – milli birlik və həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, “İmamzadə ziyarətgahı” məscidinin imamı İlham Abbasov, dini konfessiyaların nümayəndələri, din xadimləri, dini icma sədrləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Öncə dini konfessiyaların nümayəndələri və din xadimləri tərəfindən Gəncə şəhər Şəhidlər Xiyabanı ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub.

Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda bildirilib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə rəşadət göstərən əsgər və zabitlərimiz yüksək əzm və iradə nümayiş etdirərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib və düşmənə sarsıdıcı zərbələr endiriblər. Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, dövlətimizə və ordumuza olan inamının təcəssümünə çevrilib.
44 gün davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və şücaət göstərərək torpaqlarımızın işğaldan azad olunmasına nail olub. Bu tarixi Qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birlik və həmrəyliyi hesabına qazanılıb.