Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Gəncə şəhər “İmamzadə Ziyarətgah” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Dəmir yumruq: güclü lider, rəşadətli ordu və xalq birliyinin təcəssümü” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdir vəzifəsini icra edən Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin qazısı, Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Aleksandr Nevski adına Rus Provaslav kilsəsinin keşişi Denis Sotnikov, Gəncə Yəhudi dini icmasının icma sədri Arif Babayev, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Gəncə şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmiş memorial kompleksin önünə gül dəstələri qoyulub, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.
Çıxışlar zamanı mövzunun əhəmiyyəti barəsində danışılıb, müxtəlif millətlərə mənsub olan, fərqli dinlərə sitayiş edən hər bir Azərbaycan vətəndaşının 44 günlük Vətən müharibəsində ölkə Prezidentinin ətrafında “dəmir yumruq” kimi birlik nümayiş etdirdiyi və bu birlik nəticəsində əzəli Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi uğrunda mübarizədə ən yeni Azərbaycan tarixinin yazıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Şanlı tarixi Zəfərin qazanılmasında Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişlərinin, rəşadətli Azərbaycan Ordusunun və xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəyliyin önəmi vurğulanıb. Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə bağlılığının, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərə sahib olmasının Vətən müharibəsindəki qələbəmizdə mühüm rol oynadığı qeyd edilib.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Dəmir yumruq” filmi nümayiş olunub.