İyunun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhərində "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu" mövzusunda tədbir keçirilib.
Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdir müavini Samir Yoldaşov, Regionlarla iş şöbəsinin məsləhətçisi Ramil Hikmət, Gəncə-Daşkəsən regional bölməsinin müdir müavini Elmar Fətəliyev, din xadimləri və dini icma sədrlərinin iştirak etdiyi tədbirdə dini qurumlara fəaliyyətlərini qanuni çərçivədə davam etdirmələri, eləcə də maliyyə məsələlərindəki əsas öhdəliklərinin icrası zamanı qanunauyğun davranış nümayiş etdirmək yolları izah edilib. Xüsusilə terrorçuluğun maliyyələşdirilməsi təhlükəsinə qarşı din xadimlərinə ayıq-sayıq olmaq, bu istiqamətdə aparılan mübarizədə fəal iştirak etmək tövsiyə olunub. Vurğulanıb ki, dini qurumların fəaliyyətində şəffaflıq, qanunvericiliyin tələblərinə riayət olunması və maliyyə əməliyyatlarının düzgün aparılması mühüm əhəmiyyət kəsb edir.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.