Gəncədə din xadimlərinin iştirakı ilə tədbir keçirilib
03 mart 2025, 09:52

Martın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi və Gəncə şəhər “İmamzadə Ziyarətgah” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Orucluğun mahiyyəti: ictimai əhəmiyyət və məsuliyyət” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov, QMİ-nin Qazılar Şurasının üzvü Anar Orucov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda QMİ-nin Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, din xadimləri, dini icma sədrləri Ramazan ayında milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində daha fəal olmalıdırlar.

Sonda bölgə üzrə rəsmi din xadimlərinə Ramazan ayının gəlişi ilə bağlı müvafiq tapşırıq və tövsiyyələr verilib.