Gəncədə Daxili Qoşunların hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib
22 may 2026, 15:19

Mayın 20-də Gəncə şəhərindəki "N" saylı hərbi hissədə “Qurban bayramı: sosial birlik, maddi və mənəvi dəstək” mövzusunda tədbir keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında  “Milli-mənəvi dəyərlərin təbliği və ideoloji təhlükəsizliyin təmin edilməsi sahəsində dini maarifləndirmə üzrə 2026-cı il üçün birgə fəaliyyətə dair” Tədbirlər Planı çərçivəsində baş tutan tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, bölmənin müdir müavini Elmar Fətəliyev, “İmamzadə ziyarətgah” məscidinin imamı İlham Abbasov, eləcə də şəxsi heyət iştirak edib.

Çıxışlarda Qurban bayramının mahiyyəti, sosial həmrəylik və yardımlaşma dəyərləri, eləcə də milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu kimi tədbirlər şəxsi heyət arasında mənəvi-psixoloji mühitin möhkəmləndirilməsinə, dini maarifləndirmənin gücləndirilməsinə və ideoloji dayanıqlığın artırılmasına xidmət edir. Eyni zamanda, vətənpərvərlik ruhunun yüksəldilməsi və dövlətə sədaqət hissinin daha da gücləndirilməsi baxımından bu cür görüşlərin əhəmiyyəti qeyd olunub.