Gəncə şəhəri və Sabirabad rayonunda “Aşura mərasimləri: mənəvi dəyərlər vəhüquqi məsuliyyət” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
İyunun 4-də Sabirabad rayonunda təşkil olunan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin müdiri Elvin Hüseynli, bölmənin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
İyunun 4-də Gəncə şəhərində baş tutan tədbirdə isə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, dini konfessiyaların nümayəndələri, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söylənilib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğu, bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifənin düşdüyü qeyd edilib. Eyni zamanda, Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.