Bakıda Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfransın yekun panel sessiyasında “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” mövzusu müzakirə olunub.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini, filologiya elmləri doktoru, əməkdar jurnalist Vüqar Zifəroğlunun moderatorluğu ilə keçirilən paneldə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda rəqəmsal transformasiya dövründə gənclərin şüurlu media vərdişlərinin formalaşdırılması, sosial platformalardan düzgün istifadə və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, rəqəmsal alətlərdən düzgün istifadə edilməməsi dezinformasiya risklərini artırmaqla yanaşı, milli dəyərlərin qorunmasına da mənfi təsir göstərə bilər. Çıxış zamanı QHT-lərin və QHT Agentliyinin bu istiqamətdə rolu, hədəfyönümlü və innovativ layihələrin dəstəklənməsi, eləcə də maarifləndirici təşəbbüslərin genişləndirilməsi barədə məlumat verilib. Qeyd olunub ki, qarşıdakı dövrdə də rəqəmsal savadlılıq və milli dəyərlərin təbliği Agentliyin prioritet istiqamətləri sırasında yer alacaq.
Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov çıxışında müasir dövrdə rəqəmsal savadlılığın gənclərin mənəvi və intellektual inkişafındakı rolundan bəhs edib. O, rəqəmsal savadlılığı məlumatı şüurlu şəkildə tapmaq, qiymətləndirmək, yaratmaq, məxfilik və müəlliflik hüquqlarını qorumaqla paylaşmaq kimi vacib bacarıqlar kompleksi kimi dəyərləndirib. Vurğulayıb ki, keyfiyyətli Azərbaycandilli məzmunun zənginləşdirilməsi, düzgün istinad mədəniyyətinin formalaşdırılması və şəxsi həyata hörmət prinsipləri milli-mənəvi dəyərlərin qorunmasında həlledici rol oynayır. Təqdimat çərçivəsində iştirakçıların rəqəmsal vərdişlərini qiymətləndirmək üçün interaktiv sorğu da təqdim edilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev isə “Virtual məkanda milli kimlik: Azərbaycan gənclərinin rəqəmsal davranış mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, insan öz kimliyini yalnız real həyatda deyil, virtual məkanda da nümayiş etdirir və bu gün həyatımızın böyük bir hissəsi sosial şəbəkələrdə, platformalarda keçdiyi üçün yeni davranış qaydası tələb olunur. Məruzəçi vurğulayıb ki, milli kimlik təkcə rəmzlər və tarixdən ibarət deyil, həm də rəqəmsal davranış, dil və məsuliyyət kimi dəyərləri əhatə edir. O, internetdə anonimliyin mənəvi məsuliyyəti aradan qaldırmadığını və Azərbaycan dilinin rəqəmsal mühitdə fəal istifadəsinin vacibliyini diqqətə çatdırıb. Əsas məqsədin gəncləri texnologiyadan təcrid etmək deyil, ondan milli-mənəvi məqsədlər üçün doğru istifadəni öyrətmək olduğu bildirilib.
Din xadimləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən panel müzakirənin sonunda suallar cavablandırılıb.
Beləliklə, konfransda aparılan müzakirələr gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, rəqəmsal savadlılığının artırılması və məsuliyyətli vətəndaş kimi formalaşdırılması istiqamətində birgə səylərin əhəmiyyətini bir daha önə çıxarıb.