Gədəbəydə “Xocalı-qan yaddaşımız” adlı anım tədbiri keçirilib
26 fevral 2025, 06:32

Fevralın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz  regional bölməsinin və Gədəbəy şəhər “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Xocalı faciəsinin 33-cü ildönümünə” həsr olunmuş “Xocalı-qan yaddaşımız” adlı anım tədbiri keçirilib.

Gədəbəy şəhər “Cümə” məscidində keçirilən tədbirdə DQİDK-nın Qazax-Tovuz  regional bölməsinin əməkdaşı Cavid Səfərov, Gədəbəy şəhər “Cümə” məscidinin sədri və imamı Rövşən Mustafayev,  dini icma sədrləri və din xadimləri  iştirak ediblər.

İlk olaraq Xocalı faciəsi qurbanlarının və ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərimizin ruhlarına dualar oxunub.

Çıxışlar zamanı qeyd edilib ki, 33-cü ildönümünü yad etdiyimiz Xocalı faciəsi bir xalq və ya millətin məsələsi deyil, bəşəri faciədir. Soyqırım əlamətləri ilə yanaşı, sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunun törədildiyi bu faciə tariximizin qanla yazılmış səhifəsidir. Xocalı faciəsi öz həqiqi hüquqi-siyasi qiymətini Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra alıb. Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və ordumuzun gücü ilə ölkəmizin  ərazi bütövlüyü bərpa edilib, Xocalı faciəsinin də qisası alınıb.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.