Gədəbəydə "Sülh Aylığı" çərçivəsində tədbir keçirilib
18 sentyabr 2026, 16:48

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Sülh Aylığı" çərçivəsində “Azərbaycan – sülh və tolerantlıq məkanı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri vəzifəsini icra edən Qüdrət Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qədir Bağırov, Regional Gənclər və İdman İdarəsinin sektoru müdiri Röyal İsmayılov, rayon Heydər Əliyev Mərkəzinin müdiri vəzifəsini icra edən Zamiq Söyünov, həmçinin müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgə yaşadığı ölkə kimi tanınıb. Ölkəmizdə müxtəlif dini və etnik qruplar qarşılıqlı hörmət, tolerantlıq və anlaşma şəraitində yaşayırlar. Qeyd olunub ki, Azərbaycan sülhün, dostluğun və multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir. Müxtəlif mədəniyyətlərin və dini inancların bir arada yaşaması ölkəmizin zənginliyini şərtləndirən əsas amillərdən biridir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.