Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi, Gədəbəy Rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə fevralın 19-da “Dini radikalizmin təhlükələri, narkomaniya, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Cavid Səfərov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qədir Bağırov, rayon Polis Şöbəsinin rəisi Mehman Həşimov, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Röyal İsmayılov, ictimaiyyət nümayəndələri, ziyalılar və məktəblilər iştirak ediblər.
Çıxışlarda radikalizm və narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğu, bu istiqamətdə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyi qeyd edilib. Eyni zamanda erkən nikahın yaratdığı fəsadların bu gün aktual məsələ olduğu diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.