Füzulidə maarifləndirmə tədbiri keçirilib
30 noyabr 2021, 03:47

Noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Füzuli rayonu Horadiz şəhəri “Əhli Beyt” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Əhli Beyt” məscidində “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İlkin Səfərov, “Əhli Beyt” məscidinin imamı Nəriman Nəsirov, Mahmudlu-2 kənd məscidi dini icmasının sədri və imamı Sevindik Əsgərli, dini icma üzvləri və dindarlar iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan çox konfessiyalı bir ölkədir və burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur.