Erməni vandalizminin ifşası
25 iyun 2016, 05:07
“Bu ilin aprel ayında cəbhədə baş verən döyüşlər zamanı Ermənistan hərbiçiləri tərəfindən Ağdam rayonunun Mahrızlı kənd qəbiristanlığına atılmış top mərmiləri nəticəsində 6 qəbir tamamilə dağılıb, 7 qəbrin isə baş və sinə daşları tamamilə yararsız hala düşüb”.
Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirib.
Komitədən verilən məlumata görə, bu ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində cəbhədə baş vermiş döyüşlər zamanı yenidən Azərbaycanın bır sıra tarixi-dini abidələri atəşə məruz qalıb, dağıdılıb:
“Bununla əlaqədar Dövlət Komitəsinin sədrinin adından ATƏT-in Minsk Qrupunun həmsədrlərinə etiraz məktubu göndərilib, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar tərəfindən dünya ictimaiyyətinə müraciətlər edilib. Müraciətlərdə bildirilir ki, bu ilin aprel ayının 5-də Ermənistan silahlı qoşunlarının törətdikləri fitnəkar təxribat nəticəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlərdə Azərbaycanın Ağdam və Tərtər rayonlarının ərazilərində başqa sahələrlə yanaşı XIX əsrə aid olan tarixi-dini abidələrimiz də erməni vandalizminə məruz qalıb, bəzi məscidlərə isə ciddi ziyan dəyib. Ağdam rayonunun Xındırıstan, Əhmədağalı və Zəngişalı kənd məscidlərinin divarlarında böyük çatlar əmələ gəlib. Tərtər şəhər “Cümə” məscidinin ətrafına erməni silahlıları tərəfindən atılan top mərmiləri məscidin bir tərəfinin divarlarında çatlar əmələ gətirib. Birinci Qarabağ müharibəsi dövründə atılan mərmilərdən biri Tərtər şəhər “Cümə” məscidinin minarələrindən birini zədələyib. Tarix və mədəniyyət abidələrimizin ermənilər tərəfindən dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.
Dövlət Komitəsi işğal altında qalmış tarixi-dini abidələrimizlə bağlı məsələləri bundan sonra da diqqət mərkəzində saxlayacaq və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində tədbirlərini davam etdirəcək”.
Komitədən verilən məlumatda qeyd olunur ki, Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətlərinin, işğal altındakı bütün maddi irsimizin məhv edilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılmasını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər zaman diqqət mərkəzində saxlayır:
“Komitə işğal altında qalan tarixi-dini abidələrimizin tam sayının, mövcud vəziyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparıb. Beynəlxalq təşkilatlarda, eləcə də xarici ölkələrdə təşkil edilən sərgilərdə həmin abidələrin - məscid, ziyarətgah və alban məbədlərinin işğaldan öncə və sonrakı fotolarını nümayiş etdirib. Eyni zamanda, Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupu ilə birgə “İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” və AMEA-nın İnsan Hüquqları İnstitutu ilə birgə “Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda konfranslar təşkil edib, bu mövzuda müxtəlif dillərdə kitab və fotoalbomlar hazırlayıb. Həmin kitablardan biri – Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədovun müəllifi olduğu “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı Azərbaycan dili ilə yanaşı, ingilis və fars dillərində nəşrə hazırlanıb.
Araşdırmalarımıza əsasən, işğal altındakı torpaqlarımızda təsbit olunan tarixi-dini abidələrin təqribi sayı 403-dür. Onlardan 67-si məscidlər, 144-ü məbədlər, 192-si ziyarətgahlardır”.
Dini Komitə ermənilərin qədim Alban abidələrini özünküləşdirməsinə də münasibət bildirib: “Ermənilər Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən qədim alban abidələrini saxtalaşdıraraq qriqoryanlaşdırıblar. İndiyədək bu məsələ ilə bağlı ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar, xüsusən tarixi alban kilsəsinin varisi sayılan Azərbaycan Alban-Udi xristian dini icması tərəfindən beynəlxalq təşkilatlara, habelə nüfuzlu dini mərkəzlərə, o cümlədən Vatikana dəfələrlə müraciətlər edilib, dünya ictimaiyyətinin diqqəti problemin həllinə yönəldilib”.
Xatırladaq ki, Roma papası Fransisk bu gün Ermənistana iki günlük səfərə gedib. Sözügedən səfər Azərbaycan tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycanın ayrı-ayrı ictimaiyyət nümayəndələri, deputat və siyasətçilər Roma papasının işğalçı Ermənistana Qarabağdakı tarixi və mədəniyyət abidələrinə qarşı vandalizm siyasəti aparmasına “dur” deməyə çağırıb.
Publika.az