Oktyabrın 26-da Sabunçu Gənclər Evində “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Aytən Tarverdiyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva, Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Pərviz Əliyev, Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla proflaktiki işin təşkili bölməsinin baş inspektoru Kəmalə Ələkbərova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha bir tədbir Balakən rayonunda keçirilib. Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Qullar kənd 1 saylı tam orta məktəbində “Erkən nikah hüquqi və mənəvi müstəvidə” mövzusunda baş tutan tədbirdə isə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, RİH-in əməkdaşı Gültac Əfəndiyeva, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, Gənclər evi Sosial xidmət müəssisəsinin əməkdaşı Osman Əliyev, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların bir fərd kimi inkişafına mənfi təsir göstərir. Erkən evliliyin gənc qızların təhsil almaq imkanları və vətəndaşlıq hüquqlarını məhdudlaşdırığı, sosial-mədəni inkişafa və milli genofonda mənfi təsir göstərdiyi qeyd edilib, problemin həlli yollarından danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.