Dünya Dini Liderlərinin Bakı Qlobal Sammitində bir sıra sənədlər qəbul olunub
06 noyabr 2024, 08:30

Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Bakıda keçirilən Dünya dini liderlərinin qlobal Sammiti noyabrın 6-da başa çatıb.

Tədbirin sonunda COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin yekun sənədi - Bakı Bəyannaməsi, Dünya dini liderlərinin COP29 iştirakçılarına müraciəti və Bakı Sammiti iştirakçılarının dövlətlərə, beynəlxalq təşkilatlara və dini liderlərə müraciəti qəbul edilib. Sammit iştirakçıları, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

 Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarının dövlətlərə, beynəlxalq, regional, dini, ictimai təşkilatlara və dini liderlərə müraciəti:

“- iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş ictimai müzakirələrdə fəal iştirak etməyə, daha yaşıl gələcəyə baxışı reallaşdırmaq üçün qlobal dəstəyi gücləndirmək;

- insan həyatının və təbiətin müqəddəsliyini tanımağa, bütün canlıları və təbiəti qorumaq dəyərlərinə hörmət etməyə, ekoloji bərabərlik və ədaləti müdafiə etmək;

- qlobal iqlim böhranının aradan qaldırılması və təbiətin qorunması üçün dünyada istilik hərarətinin artımı həddinin 1,5 dərəcədə saxlanılması prosesində daha fəal rol oynamaq;

- ekoloji problemlərin həllinin və təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsinə töhfə verən süni intellekt texnologiyalarından düşünülmüş şəkildə istifadə olunmasını tövsiyə etmək;

- süni intellektin məsuliyyətsiz istifadəsinin mümkün fəsadları barədə xəbərdarlıq edərək, müasir texnologiyaların istifadəsi zamanı müşayiət oluna biləcək risklərin nəzərə alınmasına və süni intellektin nəzarətsiz tətbiq edilməsinin ekoloji böhranları həll etmək əvəzinə daha da artmasına səbəb olmaması üçün alimlər, qanunvericilər, siyasət xadimləri, dini liderlər, beynəlxalq və ictimai təşkilatlar arasında əməkdaşlığı təşviq etmək;

- Paris İqlim Sazişinin uzunmüddətli məqsədlərinin həyata keçirilməsinə və irəliləməsinə dəstək vermək üçün birgə çalışmaq;

- müxtəlif din və əqidə nümayəndələrinin, siyasətçilərin, akademik dairələrin, din alimlərinin, qadınların, gənclərin, yerli əhalinin və icmaların, vətəndaş cəmiyyətinin, işgüzar dairələrin və digər maraqlı tərəflərin birgə müzakirələrə cəlb edilməsinə xüsusi diqqət yetirməklə iqlim dəyişikliyi ilə mübarizədə inklüziv prosesi təşviq etmək;

- ərzaq təhlükəsizliyinin təmin olunmamasına səbəb olan, təbii su anbarlarını və hövzələrini məhv edən, torpağı deqradasiyaya məruz qoyan, iqlim dəyişikliyi ilə mübarizədə kollektiv səylərə mane olan silahlı münaqişələrə, zorakılıq, kütləvi qırğın silahlanması, ekosid və urbisid aktlarına son qoymaq üçün çağırış və fəal iş aparmaqla qlobal sülh gündəliyinə töhfə vermək;

- terrorçu və ekstremist qruplaşmaların öz məkrli niyyətləri naminə dinlərin adından sui-istifadə etməsi cəhdlərinə qarşı birgə və yekdil mövqedən çıxış etmək;

- media və informasiya texnologiyaları vasitəsilə zorakılığa təhrik edən zərərli ideologiyaların və nifrət çağırışlarının qarşısının alınmasında əməkdaşlığın artırılması;

- dini rəmzlərə, müqəddəsliklərə və atributlara qarşı vandalizm aktlarını pisləməyə, demokratiya və söz azadlığı pərdəsi altında bu kimi əməllərə bəraət qazandırmağa yol verməmək;

- gənclərin ksenofobiya və ayrı-seçkiliyə qarşı mübarizədə daha fəal iştirakı məqsədilə bərabər vətəndaşlıq, insan qardaşlığı, habelə iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması mövzusunda maarifləndirilməsini və bu proseslərdə medianın rolunu təşviq etmək;

- təmiz, sağlam, sabit və dayanıqlı cəmiyyətlərdə insan hüquqlarının təmin edilməsinə xüsusi önəm verməyə;

- iqlim dəyişikliyi ilə mübarizədə onların xüsusi əhəmiyyətini vurğulayan təbii su anbarlarının və hövzələrinin məsuliyyətsiz və həddindən artıq istifadəsini pisləmək;

- iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində dinlərin və inancların potensiallarından daha səmərəli istifadə etmək;

- dini, mədəni və etnik müxtəlifliyin qorunmasına, bunlara hörmət edilməsinə dəstək verməyə, dünya dinlərinin mənəvi-əxlaqi dəyərlərinə əsaslanan ekoetikanı təbliğ etmək".

Dünya dini liderlərinin qlobal Bakı Sammitində COP29 iştirakçılarına müraciət qəbul edilib.

Müraciətdə deyilir:

"Biz, COP29 çərçivəsində 2024-cü il noyabrın 5-6-da Bakı şəhərində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini liderlərin qlobal Sammitinin iştirakçıları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Təşkilat Komitəsini və Zirvə iştirakçılarını səmimiyyətlə salamlayır, xeyir-dualarımızı yetirir, ali tədbirin işinə Uca Yaradandan uğurlar diləyirik.

Dini liderlərin qlobal Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı, özəl diqqəti və iştirakçılara dərin məzmunlu müraciəti tədbirimizə verilən böyük dəyərdir. COP29 Bakı Zirvəsini Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi qiymətləndirir, 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi alqışlayırıq. Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəmi, bu istiqamətdə səmərəli addımlarını təqdir edir, Yer üzündə ilahi düzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimi dəyərləndiririk.

Biz, dini liderlər əminik ki, insanın mənəvi baxımdan islahına, mənən sağlamlaşdırılmasına böyük ehtiyac vardır. İnsanların qəlblərində təbiətə, bütün yaradılmışlara hörmət, qayğı hissini aşılamadan, ətraf mühitin toxunulmazlığı, müqəddəsliyi fikrini təlqin etmədən bu sahədə uğur qazanmaq çox çətindir. Bütün ənənəvi dünya dinləri ətraf mühitə mərhəmət, ehtiram ruhunu təşviq edir və əks təqdirdə yaşanacaq fəlakətli imtahanlardan xəbərdar edir. Biz, dini liderlər hər zaman moizə və xitablarımızda insana təbiətin bir parçası, ekosistemin bir zərrəsi olduğunu xatırladır, təlqin edirik ki, bəşəriyyətin mövcudluğunu təmin etmək üçün ən mühüm məqam Yaradanın hökmlərinə uyğun, ətraf mühitlə mənəvi harmoniyada yaşamaq, ilahi nizama riayət etməkdir. Əminik ki, hər kəs öz xitabət kürsüsündən yararlanaraq ümumi işə öz töhfəsini verməli, təhsildə, təlimdə, ibadətdə bütün səy və fəaliyyətlərimizin amalı bu həqiqətləri beyinlərdə və qəlblərdə bərqərar etmək olmalıdır.

Dini liderlər olaraq biz, öncəki COP28 Sammitində dünyada hökm sürən ekoloji böhranların və təhdidlərin aradan qaldırılması sahəsində beynəlxalq səviyyədə konkret fəaliyyət planını və proqramlarını dəstəkləmiş, qlobal iqlim böhranının aradan qaldırılması üçün müvafiq direktivlərin icrası prosesində fəal iştirak etməyə hazır olduğumuzu bildirmişik. Ümidvarıq ki, Azərbaycanda keçirilən COP29, həmçinin dünyada sülhə, qlobal atəşkəsə çağırışlar üçün faydalı və səmərəli müstəvi olacaqdır. Biz, Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışını bəyənir və ona öz dəstəyimizi ifadə edirik. Azərbaycanın son dönəmdə yaşadığı tarixi reallıqlar bir daha sübut edir ki, dünya hələ də yaradıcı və dağıdıcı qüvvələrin qarşıdurması ilə üz-üzədir. İşğalçı qonşu dövlətin hərbi cinayətlərinə, ekoloji terror, vandalizm xarakterli dağıdıcı əməllərinə qarşı biz bu gün Azərbaycanın timsalında təbiətə, ətraf mühitə qarşı cinayət əməllərinin ağır fəsadlarını aradan qaldıran, bərpa işlərini alternativ enerjiyə əsaslanan yaşıl iqtisadiyyat təməlləri üzərində həyata keçirən, bölgənin ekoloji tarazlığını bərpa edən qurucu, yaradıcı dövlət nümunəsini görürük. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnək modelini bütün dünyaya nümayiş etdirir.

Biz, dini liderlər əminik ki, ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsi olduqca vacibdir. COP29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri müzakirə edilərkən mühüm məqam olan mənəvi, dini-əxlaqi aspektin diqqətdə saxlanılmasını tövsiyə edirik. Bəşərin mənafeləri naminə din xadimlərinin səylərinin ümumi səylərlə birləşdirilməsini vacib hesab edirik və bu əməkdaşlıq COP tədbirlərinin inklüzivlik çağırışına tam uyğundur. Bu məramla, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını tövsiyə edir və bu təkliflə çıxış edirik. Bu Şura COP sessiyaları arası müddətdə problemə dair əsaslı təklif və əməli təcrübələrə, ətraf mühitə, təbiətə yanaşmada ekoloji etika anlayışlarına əsaslanan ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirər, dini dəyərlərə istinadən maarifləndirici ədəbiyyat, dərs vəsaitləri, dini moizələr toplusu hazırlayar, iqlim problemlərinin həllinin ideoloji bazasını möhkəmlətməklə ümumi hədəfə doğru nailiyyətlərimizi artırar. COP29 Bakı tədbirində təklifimizin dəyərləndirilməsini və yeni təsis olunacaq dini liderlər platformasına təşkilati, maddi və mənəvi baxımdan hərtərəfli dəstək göstərilməsini istərdik. COP sessiyalarına sədr ölkələr - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın həmsədrliyi ilə COP sədrləri üçlüyü dövründə Dini Liderlərin COP ilə davamlı əməkdaşlıq etməsi üçün effektiv platformanın təmin edilməsi COP tədbirləri adına böyük nailiyyət, real töhfə ola bilər.

Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının qorunması, bütün yaradılmışların və Yer üzünün xilası - qanunların, mənəviyyatın və ədalətin aliliyi ilə mümkündür. Bu cəhətdən, Birləşmiş Millətlər Təşkilatının əlaqələndirici rolunun artırılması zəruridir. BMT İqlim Dəyişikliyi Konfransının qarşıdakı Zirvə görüşünə xeyir-dua verir, uğurlar arzulayırıq. Bir daha Azərbaycan dövlətinə təşəkkürlərimizi bildirir, dəyərli tədbirin təşkilatçılarına və iştirakçılarına nəcib fəaliyyət və səylərində uğurlar diləyirik. Uca Yaradan bütün xoş məramlarımıza rəvac versin, Yer üzünü və bəşəriyyəti hifz etsin! AMİN!".

Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları tərəfindən noyabrın 6-da Bakı Bəyannaməsi qəbul edilib.

Sammit iştirakçıları Bəyannamədə qlobal iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, quraqlıq, torpaqların deqradasiyası, meşə yanğınları, ətraf mühitin çirklənməsi, ərzaq təhlükəsizliyi və su qıtlığından dərin narahatlıqlarını bildirərək, bu problemlərin səbəblərini müzakirə etmək üçün birgə səylərin sürətləndirilməsinin, sağlam ekosistemlərin yaradılması və təkmilləşdirilməsinin vacibliyini qeyd ediblər.

Həmçinin COP29 çərçivəsində Dini liderlərin qlobal Sammitinə himayədarlığına, göstərdiyi özəl diqqətə və tədbirin ünvanına dərin məzmunlu müraciətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq bildirilib və COP29-un işində uğurlar arzulanıb.

Dini liderlər qarşılıqlı etimad, birlik, harmoniya və iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə işində sivilizasiyalararası və dinlərarası münasibətlərin, milli-mədəni dəyərlərin və biliklərin, o cümlədən multikulturalizm ənənələrinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, Azərbaycanın iqlim böhranı ilə mübarizədə və ekoloji problemlərin həllində liderlik etməsini və bu kontekstdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini alqışlayıblar.

Bəyannamədə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin və sivilizasiyalararası dialoqun inkişafına yönəlmiş Qlobal Mədəniyyətlərarası Dialoq forumlarının, eləcə də Bakı Beynəlxalq Humanitar Forumlarının, Dünya Dini Liderlərinin Zirvə toplantılarının, eləcə də BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun və Bakı Beynəlxalq “Dinlərarası və mədəniyyətlərarası əməkdaşlıq” Konfransının əhəmiyyəti vurğulanıb. Həmçinin dünyanın müxtəlif regionlarından olan xristian, müsəlman, yəhudi, hinduist, buddist və digər din və inanc nümayəndələrinin müasir dünyanı təhdid edən problemlərlə bağlı vahid və yekdil mövqe bildirmək üçün bir araya gəldikləri buna bənzər dinlərarası tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Silahlı münaqişələrin, terror aktlarının, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, ekoloji fəlakətlərlə, habelə mədəni və dini irsin talan və məhv edilməsi ilə müşayiət olunmasından, ekosid və urbisid aktlarının və onların ağır nəticələrindən, habelə iqlim dəyişikliyi ilə mübarizəyə etdiyi mənfi təsirlərdən dərin narahatlıq ifadə edilib.