Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
DQİDK-nın şöbə müdiri: İstənilən dini ədəbiyyat Azərbaycana idxal olunarkən DQİDK-dan icazə alınmalıdır
03 may 2018, 10:10
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası üzrə şöbəsinin müdiri Nahid Məmmədovun İslam.az saytına müsahibəsi:
Elşad Miriyevin “İslamda yoxdur” kitabının nəşrinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən qadağa qoyulması barədə oxucularımıza xəbər vermişdik. Qərarla razılaşmayan müəllif isə məhkəməyə müraciət edərək qadağanın ləğvini tələb edib. Komitəni məhkəmədə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov təmsil edib. İslam az. N.Məmmədovla əlaqə saxlayaraq məhkəmənin gedişi barədə məlumat verməsini xahiş edib.
- Məhkəmə mayın 10-da davam edəcək. Elşad Miriyev iddia qaldırıb ki, DQİDK-nın onun “İslamda yoxdur” adlı kitabının nəşrinə qoyduğu qərar səhvdir və Komitə bu qərarı ləğv etməlidir. Son iclasda Komitə də vəsatət qaldırıb. Vəsatətə səbəb nə idi?
- Bu kitab Türkiyədə çap olunub və Elşad Miriyev tərəfindən Azərbaycana gətirilib. Biz də vəsatət qaldırdıq ki, bu kitabın hansı yolla ölkəyə gətirilməsi araşdırılsın. İstənilən dini ədəbiyyat Azərbaycana idxal olunarkən DQİDK-dan icazə alınmalıdır. Onlar isə heç bir icazə almadan kitabı ölkəyə gətiriblər və onu məhkəmə zalında da nümayiş etdiriblər. Amma Elşad Miriyev elə məhkəmədə anladı ki, artıq cinayət tərkibli hərəkətlərə yol verib . Vəkili ilə məsləhətləşəndən sonra bu faktı gizlətməyə çalışdılar. Baxmayaraq ki, bayırda bizə kitabı göstərmişdi, artıq iclas zamanı yalandan dedi ki, “belə bir şey olmayıb. Siz sübut edin ki, düz deyirsiniz”. Biz bildirəndə ki, kitab sizin çantanızdadır, cavab verdi ki, “bizim çantamızı yoxlamağa haqqınız yoxdur”. Amma sonra elə alındı ki, bu kitabı özləri çıxartdılar, vərəqlədilər və oradan sitat gətirməyə başladılar.
- Yəqin ki oxucularımıza DQİDK-nın bu kitaba qadağa qoyduqda hansı arqumentləri əsas götürməsi də maraqlı olar...
- Dinşünaslıq ekspertizası zamanı bir qayda olaraq ekspertin qarşısında “Təqdim edilən ədəbiyyatda dini nifrət və düşmənçiliyə rəvac verəcək fikirlər varmı?”, “Dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər mövcuddurmu?”, “Ölkədəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək fikirlərə yer verilibmi?” sualları qoyulur. Bu suallardan da göründüyü kimi, dini təyinatlı ədəbiyyatın ekspertizasında əsas məsələ və qarşıya qoyulan məqsəd onun dinə, şəriətə uyğun olub-olmadığını müəyyən etmək deyil, hansı mövqedən yazılmasını və cəmiyyətə, ölkədəki mövcud dini duruma, dinlər və məzhəblərarası münasibətlərə necə təsir göstərməsini müəyyənləşdirməkdir. Rəydə bildirilir ki, kitabda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər aşkar edildiyindən onun nəşri məqsədəuyğun hesab edilmir. Həmin fikirlər isə rəydə də qeyd olunduğu kimi, əsasən, seyidlik anlayışı və Peyğəmbərin məsumluğu ilə bağlıdır. Müəllifin bu məsələlər barədə mövqeyi cəmiyyətdə maarifləndirmədən daha çox dini durumda mənfi təzahürlərin meydana gəlməsinə rəvac verə bilər. Onu da qeyd etmək lazımdır ki, kitabda toxunulan məsələlərlə (xüsusilə, sehr, cadu, azyaşlıların ailə qurması və s.) bağlı cəmiyyətdə maarifçilik işinin aparılmasına həqiqətən də ehtiyac var. Lakin həssas dini məsələlərlə bağlı maarifləndirmə işi aparılarkən ölkədəki dini mühit, insanların, xüsusilə dindarların həssaslıq göstərdiyi məqamlar, müəyyən fikirlərin cəmiyyətdə doğura biləcəyi reaksiyalar mümkün qədər nəzərə alınmalı, dindarların heysiyyatına toxuna biləcək nüanslardan maksimum qaçınılmalıdır. Hətta mümkün qədər mülayim və ehtiyatlı danışıq və yazı üslubu seçilməlidir. Lakin Elşad Miriyevin məlum kitabının “dili” və “üslubu” bilərəkdən və ya bilməyərəkdən sərtdir. Mövzularla bağlı sualların qoyuluşundan, daha doğrusu mövzuların məqsədli şəkildə sərt sual formasında qoyulmasından və mövzuya yanaşmadan aydın görünür ki, müəllif oxucunu maarifləndirməkdən daha çox, müəyyən dini kəsimi qıcıqlandırmaq məqsədi güdür. Məsələn, hansısa bir şəxsin, o cümlədən E.Miriyevin seyidlik anlayışını və seyidləri qəbul etməməsini başa düşmək olar. Bu, hər kəsin şəxsi işidir. Lakin “seyidlik” və “iblis təkəbbürlüyü” arasında hansısa formada bənzərlik “tapmaq” və müqayisə aparmaq və ya ironik eyhamla “ağır”, “yüngül” seyidlər ifadəsini işlətmək nəinki ilahiyyatçıya yaraşmır, hətta insanların heysiyyatına toxunmaq kimi qiymətləndirilə bilər.
- Amma sözügedən kitabın İnternet vasitəsi ilə satışı artıq həyata keçirilir...
- Bu, Türkiyə üzərindən reallaşır. Qanunda on-line satışı tənzimləyən bir mexanizm yoxdur. Amma məhkəmə Komitənin qərarını qüvvədə saxlasa və bundan sonra kimsə bu kitabı aşkar şəkildə alıb Azərbaycana gətirsə, o zaman cinayət tərkibli hərəkətə yol vermiş olacaq. İstənilən ölkədən İnternet vasitəsi ilə alınan kitab Azərbaycana göndərildikdə, poçtdan bizə belə bir dini ədəbiyyatın daxil olması barədə məlumat verilir. Həmin kitabın ölkəyə daxil olması üçün müvafiq icazə alınmalıdır.
- Amma bayaq dediniz ki, kitab artıq Elşad Miriyevdə var və o, bu kitabı hətta məhkəməyə də gətirib...
- Təbii ki, başqa yollarla gətirsələr, bu həm qaçaqmalçılıqdır, həm də dini ədəbiyyatın icazəsiz idxalıdır. Hər iki fakt üzrə də cinayət məsuliyyəti yaranır.
- İddiaçının əsas arqumentləri nədir?
- Elşad Miriyev ancaq təxribat yaradır. Kontekstdən cümləni çıxarıb ətrafında vəkili ilə müzakirələr açırlar. Çünki qarşımıza qoymağa bir faktları yoxdur. Sadəcə məsələni ictimailəşdirib diqqət cəlb etmək istəyirlər, şou yaradırlar.