İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri İaqo Kasiaşvili, dini icma üzvləri Nanuli Kulaşvili, Zaira Kuloşvili və Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri Temuri Barixaşvili ilə görüşüb.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizdə tolerantlıq və birgəyaşayış mühitinin nümunəvi modeli formalaşıb. Səyavuş Heydərov, eyni zamanda deyib ki, respublikamız dünyada multikulturalizm mərkəzinə çevrilib. Sədr müavini Azərbaycanda mövcud olan yüksək dini tolerantlıqdan, multikultural dəyərlərdən də bəhs edib. Dövlət Komitəsinin sədr müavini ölkəmizdə müxtəlif dinlərə məxsus icmalara yüksək diqqəti müxtəlif dini konfessiya nümayəndələrinə dövlət tərəfindən həm mənəvi, həm də maddi dəstək verilməsini nadir nümunə kimi dəyərləndirib. Azərbaycanın multikulturalizm, tolerantlıq ənənələrinə xüsusi önəm verən azsaylı ölkələrdən biri olduğunu vurğulayıb.
Dini icmaların üzvləri çıxışlarında dini icmalara yaradılmış şəraitə, göstərilən qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.