Dövlət Suverenliyi Günü münasibətilə regionlarda silsilə tədbirlər keçirilib
22 sentyabr 2025, 12:43

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri rayon (şəhər) icra hakimiyyətləri (İH) və digər yerli qurumlarla birgə 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər həyata keçiriblər.

Sentyabrın 19-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Suverenlik: keçmişin mirası, gələcəyin zəmanəti” mövzusunda baş tutan tədbirdə rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


***
Sentyabrın 19-da daha bir tədbir Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda keçirilib. Tədbirə DQİDK-nın regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, hərbi hissənin qərargah rəisinin köməkçisi İsrail Niyarov, Beyləqan rayonu “Cərcis Peyğəmbər ziyarətgahı” məscidinin imam müavini Vidadi Mürsəlov və şəxsi heyət qatılıb.


***
Sentyabrın 19-da daha bir tədbir Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə baş tutub. “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunun müzakirəsinə Dövlət Komitəsinin Gəncə-Daşkəsən Regional bölməsinin əməkdaşı Vüsal Hüseynli, Goranboy rayonu Gənclər və İdman sektorunun əməkdaşı Ruslan Nadirli, müəllimlər və şagirdlər qatılıblar.
 


***
Sentyabrın 19-da Azərbaycanın şimal bölgəsində də “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbirlər keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran icra hakimiyyətlərinin məsul əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.


***
Sentyabrın 18-də Lənkəranda “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda baş tutan tədbirə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, bölmənin əməkdaşları, Lənkəran İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Seyran Alışov, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri qatılıblar.

Tədbirlər zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirdiyi qısa müddətli və uğurlu antiterror tədbirlərinin tarixi əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, bu əməliyyat nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilib, konstitusiya quruluşu və dövlət suverenliyi ölkənin bütün ərazisində bərpa olunub. Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin 2024-cü ili “Dövlət Suverenliyi İli” elan etməsi bu tarixi uğurun və ümumilikdə müstəqilliyimizin dönməzliyinin, xalqımızın milli iradəsinin, həmçinin hüquqi və siyasi baxımdan suveren dövlətçiliyimizin daha da möhkəmləndirilməsinin bariz nümunəsidir. Dövlət Suverenliyi Günü müasir Azərbaycanın tarixində mühüm mərhələ kimi qiymətləndirilib – bu gün həm ərazi bütövlüyümüzün bərpasını, həm də xalqımızın azadlıq və müstəqillik uğrunda sarsılmaz iradəsini təcəssüm etdirən simvolik bir tarix kimi dəyərləndirilib.