Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə:
Azərbaycanda dövlət-din münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Mütəmadi olaraq dini etiqad azadlığı ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib, vətəndaşların əqidəsindən irəli gələn vəzifələri yerinə yetirmələri üçün müvafiq şərait yaradılıb. Dövlət tərəfindən tarix-mədəniyyət abidələri olan ibadət evləri bərpa edilib, onlarla məscid inşa edilərək möminlərin istifadəsinə verilib. Hər il dövlət başçısının Sərəncamı ilə dini icmalara maliyyə yardımı ayrılır, eyni zamanda, din xadimlərinin sosial təminatını yüksəltmək məqsədilə onlara maddi dəstək verilir. Görülən işlərin nəticəsidir ki, ölkəmizdə dini mühitdə daim sabitlik hökm sürür, cəmiyyətimizdə dözümlülük və birgəyaşayış ənənəsi qorunub saxlanılır. Bunun ən bariz nümunəsini milli və dini mənsubiyyətindən asılı olmayaraq çiyin-çiyinə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış oğul və qızlarımız göstərib.
Bununla belə, bəzi dini qruplar Azərbaycandakı dövlət-din münasibətlərindəki harmoniyanı, cəmiyyətin həmrəyliyini görməzdən gələrək inadla dini mühitdə gərginlik yaratmaq cəhdlərini davam etdirir. Həmin qruplar müxtəlif dini terminləri, müqəddəs şəxsləri öz əməllərinə, dinimizin prinsiplərinə qətiyyən uyğun olmayan siyasi maraqlarına alət edərək dövlətçilik ənənələrimizə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş dövlət quruluşumuza qarşı təbliğat aparır, çağırışlar edirlər. Din adı altında yad mədəniyyətləri yaymağa və xarici ölkələrin siyasi maraqlarını təmin etməyə, xüsusilə də gənclərimizi milli-mənəvi dəyərlərimizdən uzaq salmağa çalışırlar.
Xarici dini dairələrin təsiri altında olan şəxslər dövlətlə möminlər arasında etimadsızlıq yaratmaq məqsədilə müxtəlif adlarla qanunsuz aksiyalar təşkil edir, dini dəyərlərimizə zidd əməllərini "din uğrunda edirik" deməklə onun paklığına ləkə gətirməkdən də çəkinmirlər. Hətta dini məzmunlu mahnı oxuyub, onun dini-siyasi mübarizənin himni kimi təqdim edir, müxtəlif yerlərdə video çəkilişlər apararaq bunu xalqın dövlətə qarşı etirazı kimi qələmə vermək kimi əsassız fikirlər yayır, dini və sosial qarşıdurma yaratmağa, təxribat törətməyə, həmçinin, Azərbaycanın dünyadakı imicinə zərbə vurmağa çalışırlar. Belə işlərə azyaşlı uşaqları, qadınları, xüsusən də şəhid ailələri və qazilərimizi cəlb etməklə onlar siyasi maraqlarının təmini naminə heç bir mənəvi dəyər tanımadıqlarını göstərirlər.
Artıq Məhərəm ayı başlayıb. Ölkəmizdə daim bu ay böyük ehtiramla qeyd edilib, ibadət evlərində məhərrəmlik mərasimlərinin təşkili, möminlərimizin dini ayinlərini sərbəst şəkildə, milli-mənəvi dəyərlərimizə uyğun keçirmələri üçün hər cür şərait mövcuddur. Dövlət orqanları tərəfindən hüququn aliliyi prinsipi əsasında vətəndaşların dini etiqad azadlığından irəli gələn vəzifələrini yerinə yetirmələri, habelə, mərəsimlər zamanı neqativ tendensiyalar və ictimai asayişin qorunması istiqamətində lazımi tədbirlər həyata keçirilməkdədir.
Ümumiyyətlə, Azərbaycan xalqı daim öz milli və mənəvi dəyərlərinə, dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirib. Eyni zamanda, cəmiyyətimiz dünyada və regionda baş verən proseslərin ölkəmizə təsirlərini, yarada biləcəyi təhdidləri müəyyən etmək üçün geniş dünyagörüşünə malikdir. Əminliklə deyə bilərik ki, xalqımız bu gün sözügedən aksiyaların arxasında duranları yaxşı tanıyır, niyyətlərini anlayır, dindən siyasi məqsədləri naminə istifadə edilməsi cəhdlərini ikrah hissi ilə qarşılayır. Cəmiyyətimizdə ölkəmizin ictimai-siyasi, eləcə də dini sahədəki sabitliyi pozmağa yönəlmiş çirkin oyunların dövlətimiz tərəfindən qarşısının alıncağına inam tamdır.