Dövlət Komitəsinin sədri Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti ilə görüşüb
03 iyul 2024, 07:13

İyulun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vatikan Dövlətinin  Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabone ilə görüşüb.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın əhəmiyyətinə toxunan Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vatikana rəsmi səfərlərinin münasibətlərin inkişafına yeni töhfələr verdiyini bildirib. Həmçinin ikitərəfli əlaqələrin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi xidmətlərinin olduğunu vurğulayan Ramin Məmmədov qeyd edib ki, Fond nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması kimi mühüm missiyanı uğurla yerinə yetirir.

Daha sonra  dinlərarası dialoqun genişlənməsi istiqamətində aparılan məqsədyönlü dövlət siyasətinə diqqət çəkən Dövlət Komitəsinin sədri bunun tarixən ölkəmizdə mövcud olan multikultural və tolerant mühiti daha da möhkəmləndirdiyini deyib.   Dünyada  dini ekstremizmin və münaqişələrin  mövcud olduğu bir dövrdə Azərbaycanın  tolerantlıq modelinin öz effektivliyini bir daha sübut etdiyini söyləyib.

Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabone Azərbaycanın Müqəddəs Tax-Tacla yaxından əməkdaşlıq etməsinin təqdirəlayiq hal olduğunu bildirib. Ölkəmizin təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsinin önəmini vurğulayıb. Həmçinin Heydər Əliyev Fondunun bəşəri missiyasına toxunan qonaq Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun Vatikandakı müvafiq qurumlarla əlaqələrinin yaradılması, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə, eyni zamanda Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının ekspertləri və Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar  Muxtarov iştirak ediblər.