Dövlət Komitəsinin sədri Şuşada vətəndaşları qəbul edib
01 iyul 2026, 12:39

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 1-də Şuşa şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Şuşa rayonunda Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Nümayəndəliyinin inzibati binasında yerləşən büstünün önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Şuşa şəhəri, həmçinin Ağdam və Bərdə rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə, ziyarətgahlara din xadiminin təyinatı, maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.