Dövlət Komitəsinin sədri Şəmkir rayonunda dini icmaların nümayəndələri ilə görüşüb
31 iyul 2026, 14:04

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 31-də Şəmkir rayonunda fəaliyyət göstərən “Cümə” məscidinə, eləcə də Alman Lüteran kilsəsinə baş çəkib, dini icmaların nümayəndələri ilə görüşüb.

İbadət evlərində yaradılan şəraitlə tanış olan Ramin Məmmədov Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, ibadət evlərinin fəaliyyətinə dövlət tərəfindən davamlı dəstək göstərildiyini, din xadimlərinin diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. Ölkədə sağlam dini mühitin qorunması, zərərli meyillərin qarşısının alınması istiqamətində ardıcıl addımlar atıldığını bildirib.  

Azərbaycanda dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu vurğulayan R.Məmmədov müxtəlif konfessiyalar arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın bunun bariz nümunəsi olduğunu qeyd edib. O, cəmiyyətdə tolerantlıq ənənələrinin gücləndirilməsi və gənclərin maarifləndirilməsində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Görüşdə din xadimləri və dini icma nümayəndələri onları maraqlandıran məsələlərlə bağlı təkliflərini səsləndiriblər, dövlət tərəfindən göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.