“Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi xarici siyasət strategiyasının fəlsəfəsi beynəlxalq münasibətlər sisteminin bütün subyektlərinin bərabərliyinin tanınması prinsipinə əsaslanır. Bu siyasətin məğzində dayanan əsas amillərdən biri ondan ibarətdir ki, Azərbaycan bütün tərəfdaşları ilə əlaqələri qarşılıqlı hörmət əsasında qurur. Tərəfdaşlarından da eyni münasibəti gözləyir”. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dini Liderlərin Qlobal Bakı Sammitinin bağlanış mərasimində çıxışı zamanı söyləyib.
R. Məmmədov qeyd edib ki, beynəlxalq münasibətlər sisteminin aktorları Azərbaycanın bu mövqeyinə hər zaman hörmətlə yanaşıb: “Çünki bizim ölkəmiz məsuliyyət və ləyaqətin beynəlxalq münasibətlərdə eyni dərəcədə təsir gücünə malik olduğunu qəbul edir. Buna görə də qlobal miqyaslı problemlərin həllinə töhfə verməyə çalışır. COP29 kimi mötəbər, hər birimizi narahat edən problemin müzakirəsinə həsr olunmuş bir tədbirin Azərbaycanda keçirilməsi məhz bu yanaşmanın təzahürüdür”.
Dövlət Komitəsinin sədri bildirib ki, dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn siyasətçi, alim, ekspert və dövlət xadimlərinin daxil olduqları nümayəndə heyətləri gələcəyimizlə bağlı bir çox vacib suallara aydınlıq gətirəcək məsələləri müzakirə edəcəklər. Bu fakt Azərbaycanın qlobal problemlərin müzakirəsi üçün çox yaxşı platformalar təqdim etmək təcrübəsinin və niyyətinin göstəricisidir.
“Dini Liderlərin Qlobal Bakı Sammitində iki gün ərzində aparılan müzakirələrin ümumi məzmunu, irəli sürülən ideya və təkliflər bunu deməyə əsas verir ki, bu tədbir dünya ictimaiyyətinə çox vacib mesajlar verdi. Dünya dövlətlərinə bugünkü ekoloji problemlərin yalnız bütün subyektlərin fəal iştirakı və əməkdaşlığı sayəsində həll edilməsinin mümkünlüyünə çağırış etdi. Eyni zamanda qlobal problemlərə münasibətdə ləyaqət və məsuliyyət prinsipləri arasında dəqiq sərhədləri müəyyən etməyin vacibliyini vurğuladı”.
Dövlət Komitəsinin sədri bildirib ki, 30 il ərzində torpaqlarının bir hissəsi işğal altında qalmış Azərbaycan ekosidin nə qədər ciddi fəsadlara səbəb olduğunu öz təcrübəsində yaşayıb. Bu gün isə bizim ölkəmiz təbiətə, ətraf mühitə yanaşmada ədalət prinsipinin ön plana çəkilməsini təşviq edir. COP29 bizim bu niyyətimizin ən gözəl ifadəsidir.
Ramin Məmmədov Sammitin həmtəşkilatçısı olan qurumun rəhbəri kimi bu tədbirdə iştirak edən bütün ölkələrin nümayəndələrinə təşəkürünü bildirib. Sammitin qəbul edəcəyi sənədlərin qlobal siyasətin aktorları üçün çox vacib mesajlar verəcəyini vurğulayıb.