Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində iyunun 13-də bu ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze ilə görüşüb.
Dövlət Komitəsinin sədri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin davamlı olaraq inkişaf etdiyini vurğulayaraq, bu kontekstdə dini sahədə də əlaqələrin dərinləşdirilməsinin perspektivlərinə toxunub. Ramin Məmmədov qarşılıqlı səfərlər çərçivəsində aparılan müzakirələrin qurumlar arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını bildirib.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze müasir dövrdə dini icmalar arasında əlaqələrin inkişafının vacib olduğunu qeyd edib. Gürcüstanın din sahəsində əldə etdiyi nailiyyətlərdən danışan Z.Vaşakmadze müsəlman icmasının müstəqil fəaliyyəti və inkişafına dövlət tərəfindən verilən dəstəyi vurğulayıb. Azərbaycanın dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik aktlarının öyrənildiyini və bu istiqamətdə təcrübə mübadiləsinin faydalı olacağını bildirib.
Tərəflər mövcud əlaqələr və əməkdaşlığın inkişafı barədə müzakirə aparıblar.