Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Corctaun Universitetinin professoru, “Sparo” korporasiyasının icraçı direktoru Dr. Söhrab Sobhani ilə görüşüb.
Görüşdə Azərbaycanın bütün dünyada nümunəyə çevrilən tolerantlıq mühiti haqqında fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri modeli sayəsində ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin, etnik qrupların dinc, qarşılıqlı hörmət şəraitində birgə yaşaması xalqımızın zəngin mənəvi irsinin tərkib hissəsidir. Dini etiqad azadlığının qanunvericiliklə tam təmin olunması, bütün dini konfessiyalara bərabər münasibətin göstərilməsi, mütəmadi olaraq maddi dəstək verilməsi dövlət siyasətinin prioritetlərindəndir. Ramin Məmmədov sülhün təşviqinə, mədəniyyətlərarası dialoqun inkişafına Azərbaycanın mühüm töhfələr verdiyini, bunun nəticəsi olaraq beynəlxalq miqyasda humanitar və sivilizasiyalararası anlaşmanın əsas mərkəzlərindən biri kimi qəbul olunduğunu diqqətə çatdırıb.
Dr. Söhrab Sobhani Azərbaycanda şahidi olduğu yüksək dini dözümlülük və tolerantlıq şəraitini böyük rəğbət doğurduğunu bildirib. O qeyd edib ki, müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində birgə yaşaması, dövlətin bu həssas sahədə formalaşdırdığı siyasət dünya miqyasında öyrənilməli olan nümunəvi modeldir. Professor vurğulayıb ki, qlobal səviyyədə mədəni, etnik, dini qütbləşmələrin, dözümsüzlük və ksenofobiya meyillərinin artdığı müasir dövrdə Azərbaycanın multikulturalizm təcrübəsi xüsusi aktuallıq kəsb edir. Ölkəmizin reallığa çevirdiyi bu harmonik mühit həm regional, həm də beynəlxalq sabitliyin, eləcə də təhlükəsizliyin təmin olunması baxımından əsl örnəkdir.
Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərlinin də iştirak etdiyi görüşdə, hazırkı mürəkkəb geosiyasi şəraitdə humanitar əməkdaşlığın, qlobal təhlükəsizliyin və qarşılıqlı anlaşmanın əhəmiyyəti ifadə olunub. Qeyd edilib ki, sivilizasiyalararası etimadın yaradılması milli-dini zəmində qütbləşmələrin qarşısının alınmasında xüsusi rol oynayır.