Ümummilli Lider Heydər Əliyevin adı xalqı üçün misilsiz xidmətlər göstərmiş dövlət xadimlərindən biri olmaqla yanaşı həm də ekoloji məsələlərə həssaslıqla yanaşan müdrik insan kimi tarixin yaddaşına yazılıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi bu dahi şəxsiyyətin ideyalarının Azərbaycanda yaşadıldığına parlaq sübutlardan biridir. Bizim ölkəmiz dünya birliyinin məsuliyyətli üzvü kimi qlobal miqyaslı problemlərin həllinə töhfə verməyə çalışır. Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası beynəlxalq münasibətlər sistemində ləyaqət və məsuliyyətin bərabərliyi prinsiplərinə əsaslanır. Azərbaycan tərəfdaşları ilə əlaqələri qarşılıqlı hörmət əsasında qurur, müstəqil dövlət kimi suveren hüquqlarına ehtiram göstərilməsini gözləyir. Eyni zamanda ümumbəşəri problemlərin həllində imkanlarını səfərbər etməyə hazır olduğunu nümayiş etdirir. Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə Kioto Protokolunu, 2016-cı ildə Paris Sazişini, 2024-cü ildə “Qlobal Metan Vədi”ni ratifikasiya etməklə iqlim dəyişikliyinin mənfi təsirlərinin yumşaldılması istiqamətində beynəlxalq səylərə qoşulub.
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində səsləndirib.
Ramin Məmmədov bildirib ki, qlobal xarakterli məsələlərə dair bir sıra mötəbər tədbirlərə evsahibliyi etmişik: “Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Mədəniyyətlərarası Dialoq Forumları, Bakı Beynəlxalq Humanitar Forumları, dini liderlərin zirvə toplantıları, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi mühüm tədbirlər keçirilib. Bu faktlar Azərbaycanın beynəlxalq öhdəliklərinə nə qədər məsuliyyətlə yanaşdığımızın göstəricisidir. Dini liderlərin Qlobal Bakı Sammitinin dünyaya verəcəyi mesaj gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühüm əhəmiyyətə malik olacaqdır. Bu mesajın bir hissəsi beynəlxalq münasibətlər sisteminin subyektlərinə çağırış ola bilər. Çünki qlobal istiləşmənin fəsadlarını azaltmaq üçün dövlətlərin və beynəlxalq təşkilatların daha gərgin işləməsinə ehtiyac var. Dini liderlərin sammiti, inanclı insanlara tanrının yaratdıqlarını qorumağın vacibliyini bir daha xatırladacaq. Harada yaşamağımızdan, dini əqidəmizdən asılı olmayaraq özümüzün və övladlarımızın gələcəyini qorumaq üçün hər birimizi qlobal iqlim dəyişiklikləri ilə mübarizədə iştiraka dəvət edəcək. Dini liderlər həm də dini, etnik və sosial mənsubiyyətinə fərq qoymadan insanlara çağırış edəcək. Biz həqiqətən real təhlükənin astanasındayıq. Məsuliyyəti bölüşmək - qlobal çağırışların öhdəsindən gəlmək üçün ən yaxşı mübarizə üsulumuz, ən effektiv alətimiz ola bilər. Dövlətlərin beynəlxalq münasibətlər sistemində iddialarının və insanların həyatda hədəflərinin olduğu reallıqdır. Lakin bu iddia və hədəflər yaşadığımız planetə, təbiətə, ətraf mühitə qarşı ədalətsizliklə nəticələnən fəaliyyətlər hesabına həyata keçirilməməlidir. İddialarımızı və hədəflərimizi ədalət hissimizlə tənzimləsək, bəşəriyyətin gələcəyini xilas edə bilərik. Dini liderlərin sammiti bu orta xətti tapmaqda bəlkə də ən yaxşı platformadır. Çünki ədalət bütün dinlərin fəlsəfəsində dayanan ümumi anlayışdır”.